Əmlak alarkən hansı məqamlara diqqət yetirmək lazımdır?

/
19Mar2014

Əmlak alarkən hansı məqamlara diqqət yetirmək lazımdır?

Əmlak alarkən, gələcəkdə yarana biləcək mübahisələrdən və digər neqativ hallardan sığortalanmaq üçün, bəzi amilləri vaxtında nəzərə almaq və alqı-satqının qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmasından əmin olmaq lazımdır. Bildiyiniz kimi, mülki qanunvericiliyin tələblərinə əsasən, daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı müqavilələr əmlakın yerləşdiyi ərazi üzrə notariat orqanında təsdiq olunmalıdır.

Daşınmaz əmlak alarkən aşağıda qeyd edilən məqamlara xüsusi diqqət yetirmək lazımıdr:

  • Daşınmaz əmlaka dair hüquqi sənədlərlə tanış olun və həmin sənədlərin sizə təklif olunan əmlaka aid olduğunu dəqiqləşdirin;
  • Beh verərkən beh müqaviləsi bağlayın;
  • Qarşı tərəfin sizə təklif olunan əmlak üzrəində sərəncam vermək hüququna malik olduğundan əmin olun;
  • Daşınmaz əmlak alarkən müqaviləni mütləq notariat qaydasında təsdiq etdirin;
  • Etibarnamə əsasında əmlak almaqdan imtina edin;
  • Alqı-satqı prosesində əlavə suallar ortaya çıxarsa prosesə əmlak hüququ üzrə ekspert cəlb edin və onunla məsləhətləşmələr aparın;
  • Alqı-satqı müqaviləsində əmlakın dəyəri real sövdələşmə məbləğini əks etdirməlidir;
  • Yeni tikilən çoxmərtəbəli yaşayış binasından mənzil alarkən, digər sənədlərlə birlikdə, mənzilin dəyərinin tam ödənildiyini təsdiq edən maliyyə arayışını da müvafiq təşkilatdan (MTK-dan) tələb edin;
  • Qeyri-yaşayış sahəsi alarkən, müvafiq sənədlərdə əmlakın növünün “qeyri-yaşayış” sahəsi kimi göstərilməsinə diqqət yetirin;

Günümüzdə əmlak mübahisələrindən ən çox rast gəlinənlərdən biri də etibarnamə əsasında daşınmaz əmlakın alınması ilə bağlı yaranan mübahisələrdir. Belə ki, etibarnamə birtərəfli əqd olduğu üçün onu verən şəxs qarşı tərəfin iradəsi olmadan, yəni, tək başına müvafiq notariat orqanına gedərək həmin etibarnaməni ləğv etdirə bilər. Bundan başqa, Mülki Məcəllənin müvafiq maddəsinə uyğun olaraq, etibar edən şəxs vəfat etdikdə onun verdiyi bütün etibarnamələr öz qüvvəsini itirmiş olur. Belə olan halda etibarnamə əsasında alınmış əmlak ilkin olaraq vərəsəlik qaydasında mərhumun vərəsələrindən birinin və ya bir neçəsinin adına rəsmiləşdirilə və yalnız bundan sonra həmin şəxslərin razılığı ilə sizin adınıza keçirilə bilər.